Logo

“Onlayn təhsilə yeni yanaşmalar: fürsətlər və çətinliklər” mövzusunda diskussiya - FOTO

17.05.2021 23:55 1451 baxış
IMG

Mayın 17-də ADPU-nun Quba filialında tanınmış təhsil eksperti, Bakı Dövlət Universitetinin Tarix müəllimi Kamran Əsədovla “Onlayn təhsilə yeni yanaşmalar: fürsətlər və çətinliklər” mövzusunda görüş keçirilib. Diskussiya formatlı görüş “ZOOM” platforması üzərindən onlayn qaydada baş tutub. 


Tehsil.biz xəbər verir ki, tədbir ADPU-nun Quba filialının tanıtım çarxları ilə başlayıb. Çarxlarda filialın sturukturu, ixtisaslaşmalar, qəbul göstəriciləri, beynəlxalq əlaqələri və s. barədə məlumat verilib. 


Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə keçən diskussiyada pandemiya dövründə filialda tədrisin, təlim tərbiyə prosesinin təşkilindən söz açıb. Bildirib ki, filial ali təhsil müəssisələri ilə sağlam rəqabət şəraitində fəaliyyət göstərir. Daha sonra çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyevə təqdim edib.


Filialın direktoru dosent Yusif Alıyev Kamran Əsədova dəvəti qəbul etdib tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, qapanmalar şəraitində filialda tədrisin kəsilməzliyi təmin olunub, təhsil distant qaydada həyata keçirilib: direktor çıxışında dünyanın nüfuzlu universitetlərinin distant təhsilin təşkili üçün çaba göstərməsi, dövrümüzdə ilk fürsətdə distant tədrisə keçidin zəruriliyindən danışıb. Bildirib ki, ilk qapanmadan sonra 2020-ci il martın 18-də ADPU Quba filialının regional “Qafqaz” TV ilə birgə “Telemühazirələr” dərs-veriliş təşkil olunub. Bu yolla filialın 12 əməkdaşının mühazirələri toplanıb və bu gələcək üçün resurs rolunu oynayıb. Sonrakı mərhələdə tədrisin onlayn təşkili istiqamətində işlər görülüb. Direktor vurğulayıb ki, filialın işi təhsildəki problemlərə tənqidi yanaşma ilə, tənqidlərdən nəticə çıxarılması istiqamətində qurulub. Dos. Y. Alıyev filialda fəaliyyət göstərən klublar, sosial aktivliyin təmin edilməsi, Adlı təqaüdlər barədə məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsinin 2020-ci ildə ev sahibliyi etdiyi “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi Simpoziumda dünyanın bir neçə universitetlərinin nümayəndələri iştirak edib. Filialın direktoru söyləyib ki, Türkiyənin Qazi Universitetindən ADPU-nun Quba filialına qarşılıqlı Memorandum imzalanması barədə təklif gəlib. Artıq Memorandumun bəndlərinin hazırlanması istiqamətində işlər aparılır.  


Daha sonra filialın tələbəsi Elvin Şükürovun onlayn tədrisdəki problemlər, yeni yanaşmalarla bağlı təqdimatı dinlənilib. Təqdimatda distant tədrisi zəruri edən səbəblər, filialın onlayn təhsilinə baxış şərh olunub. Təqdimatda distant tədrisin üstünlükləri və çatışmazlıqları anlaşıqlı şəkildə, tələbələrin gözü ilə izah edilib. 


Təhsil eksperti Kamran Əsədov distant tədrisə tələbələrin yanaşmasını gördükdən sonra pandemiyanın təhsilə təsirini rəqəmlərlə izah edib. Bildirib ki, Azərbaycan təhsilə adekvat və çevik reaksiya verən ölkələr arasında olub. Ekspert ali təhsil müəssisələrinin ditsant təhsilə hazılığı məsələsinə toxunub. ABŞ büdcəsinə xaricdən gələn tələbələrin ödədiyi məbləğ ətrafnda müqayisələr aparıb. Filialdakı maliyyə hesabatlılığı və açıqlığı ilə bağlı dosent Yusif Alıyevə təşəkkürünü bildirib. Qeyd edib ki, təhsil müəssisəsi ölkənin aktiv maliyyə dövriyəsini həyata keçirən qurumdur. Ekspert onlayn imtahanlarda kənar müdaxilənin qarşısını almaq məqsədilə hazırladığı proqram təminatından söz açıb. Pandemiyanı Azərbaycan təhsili üçün qlobal fürsət adlandırıb. Ekspert görüşdə böyük çağırışların şahidi olduğunu bildirib və region universiteti olaraq görülən işlərə görə, filialın direktoru Yusif Alıyevə təşəkkürünü bildirib. 


Filialın direktoru dos.Yusif Alıyev müəllim kollektivinin reytinq qiymətləndirilməsi, yeni sturukturun təşkili, filial məzunlarının magistraturaya qəbul olunması, ödənişli əsaslarla qəbul olunan tələbələrə təhsilhaqqının ödənilməsi üçün müxtəlif imkanlar yaradılması, filialdakı ixtisas sayının artırılması kimi məsələlərə də aydınlıq gətirib. Filialda tələbə-müəllim, tələbə-direktor münasibətlərinin sağlam şəraitində qurulduğunu vurğulayıb.  Direktor görüşdə iştirakına görə, Kamran Əsədova təşəkkürünü bildirib və bu il filialın yaradılmasından 30 il keçdiyini, bu münasibətlə bir çox yeniliklər həyata keçirildiyini qeyd edib.


Sonda ekspertə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Kəmalə Bayramova, filialın tələbələri Nərmin Orucova və digərləri tərəfindən suallar ünvanlanıb.


Tədbir ekspertlə tələbələr arasında sual-cavab formatında davam edib. 

 

Lamiyə Süleymanlı

 

 

 

 

 

 

Xəbər lenti